REGİONLAR
Tovuzda vaksinasiya prosesi uğurla icra olunur FOTO VİDEO
Tovuz, 20 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında 1 qəbul otağı, 1 qeydiyyat otağı, 2 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Hazırda risk qrupuna daxil olan səhiyyə işçilərinə ikinci doza peyvəndin vurulması davam etdirilir. Eyni zamanda, yaşı 50-dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvənd olunurlar.
“Bu gün ikinci doza üçün peyvənd edildim. Səhhətimdə heç bir narahatçılıq yoxdur. Özümü çox yaxşı hiss edirəm”, - deyə həkim Nəsib Səmədov bildirib.
Tovuz rayon Ailə Sağlamlıq Mərkəzinin şəhər bölməsinin rəhbəri Bahar Babayeva deyib ki, rayona hələlik 7130 vaksin ayrılıb, bunun da 2100-ü artıq istifadə edilib. “İndiyə kimi heç bir əks reaksiya olmayıb. 65 yaşdan yuxarı vətəndaşların da vaksinasiyasına başlamışıq. İndiyədək 800-dən artıq vətəndaş peyvənd olunub. Eyni zamanda, yaşı 50-dən yuxarı olan vətəndaşların da vaksinasiyası həyata keçirilir”, - deyə B.Babayeva əlavə edib.
Qeyd edək ki, rayonda 1027 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir.