REGİONLAR
Xaçmazda orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsulları tətbiq olunmaqla 5 hektar sahədə pomidor əkilib VİDEO
Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 24-də Xaçmaz rayonunda orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarından istifadə etməklə əkilən pomidor sahəsinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Aqrar Xidmətlər Agentliyi (AXA) və BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) tərəfindən birgə həyata keçirilib.
Yeni üsulla pomidor əkini “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid olunan pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xaçmaz Dövlət Sort Sınaq məntəqəsinin ərazisində aparılıb.
Aqrar Xidmətlər Agentliyinin, FAO-nun əməkdaşları və region fermerlərinin iştirak etdiyi görüşdə bildirilib ki, bu layihənin əsas məqsədi üç müxtəlif texnologiya üzrə sınaqların aparılması və nümayiş sahələrini yaratmaqla təsərrüfatçılara yüksək təhlükəli pestisidlərə qarşı alternativ texnologiyanı təşviq etmək və onları bu sahdə məlumatlandırmaqdır.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov layihənin bölgə fermerləri üçün əhəmiyyətindən danışaraq 3 müxtəlif aqrar istehsal texnologiyası haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində orqanik əkinçilik, zərərvericilərə qarşı inteqrir mübarizə, ənənəvi əkinçilik üsullarından istifadə nəzərdə tutulur. Hazırda layihə çərçivəsində Xaçmaz rayonunda 5 hektarlıq nümayiş sahəsində orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarından istifadə etməklə pomidor əkini apırılıb. Eyni səpgili tədbirlər Goranboy, Şəmkir və Samux rayonları ərazisində də həyata keçirilməklə,fermerlərə dəstək göstərilir.
Görüşdə məlumat verilib ki, yaxın zamanda 150 nəfər fermerdən ibarət “Fermer sahə məktəbi” yaradılacaq. Bu məktəb vasitəsilə fermerlərin qeyd olunan yeni texnologiyalar üzrə potensialını gücləndirmək məqsədilə nümayiş sahələrinə səfərlər, eləcə də mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunacaq.
Yaradılacaq “Fermer sahə məktəbində” və layihənin bütün mərhələlərində gender bərabərliyi təmin ediləcək. Layihə çərçivəsində nümayiş sahəsindən əldə olunacaq praktiki biliklər əsasında hər 3 texnologiyanın müqayisəsi, üstünlükləri və mənfi cəhətləri barədə fermerlər məlumatlandırılacaq. Bununla bağlı ictimai maarifləndirmə üçün materialların, həmçinin yekun olaraq “Milli Fəaliyyət Planı”nın hazırlanmasına dair işlər davam etdirilir.
C.Məhərrəmov bildirib ki, həyata keçirilən işlər nəticəsində düzgün seçilən əkin texnologiyası və mübarizə üsulunun tətbiqi, ən effektiv təcrübələrin fermerlərə ötürülməsi və onların fəaliyyətinə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dəstək göstərilməsi aqrar sahənin davamlı inkişafına öz töhfəsini verəcək. Eləcə də məhsul itkisinin qarşısını almaqla fermerlərin maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Tətbiq olunan texnologiya zərərvericilərə qarşı düzgün mübarizənin seçilməsinə, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və əhalinin sağlamlığına müsbət təsir edəcək.
Görüş çərçivəsində mütəxəssislər fermerləri maraqlandıran sualları cavablandırıblar.