Şəhid Bəhram Pənahovun ailəsinə son sözləri: Başınızı hər zaman uca tutun, biz haqq yolunda döyüşə yollanırıq VİDEO
Sabirabad, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan şəhid Bəhram Pənahovun doğum günü qeyd edilib. Ailəli və 3 övladı olmasına baxmayaraq, o, Vətən sevdasını hər şeydən əziz tutdu. Şəhidlik zirvəsini ən uca məqam sayan Bəhram döyüşlərin sonuncu gününədək düşmənə ağır zərbələr vurdu və qəhrəmancasına şəhadətə ucaldı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Pənahov Bəhram Xıdır oğlu 1987-ci il iyunun 2-də Sabirabad rayonunun Nizamikənd kəndində dünyaya gəlib. O, hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə yoldaşlarına örnək olub.
Şəhid anası Bəsti Pənahova söyləyir ki, Bəhram heç vaxt özü üçün doğum günü keçirməzdi: “Ad günü keçirməyi xoşlamazdı. Deyirdi ki, ömrümdən gedirsə, bunun nəyini qeyd edim. Onun bir istəyi vardı, Vətənə layiqli övlad olmaq. Torpaqlarımızın işğal altında olması Bəhramı çox sarsıdırdı. Hər zaman deyərdi ki, torpaqlarımızı azad etməliyik və bu yolda mübarizə aparmaq bizlərin üzərinə düşür. Ən böyük arzusu qələbə qazanmaq və şəhadətə ucalmaq idi. Onun idealı Polad Həşimov idi. İyul hadisələrindən sonra Bəhram könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçdi. Vətən müharibəsində isə tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı”.
Şəhidin atası Xıdır Pənahov qəhrəman övladı ilə qürur duyduğunu bildirir. Deyir ki, Bəhram hələ sağlığında bir qəhrəman idi. O, həqiqi hərbi xidmət zamanı pulemyotçu olub və hərbi sirlərə peşəkarcasına yiyələnib. “Hələ xidmətdə olanda arzu edirdi ki, əmr verilsin, torpaqlarımızın azad olunmasında iştirak etsin. Arzusu ötən il gerçəkləşdi. Səfərbərlik xidmətinə dəfələrlə müraciət etdikdən sonra nəhayət oktyabrın 1-də döyüşlərə yollandı. İlk döyüş yolu Füzuli-Cəbrayıl istiqamətindən başladı. Bir çox tapşırıqların uğurla yerinə yetirilməsində iştirak etdi. Pulemyotçu kimi düşmənə ağır zərbələr vurdu. Noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu”, - deyə şəhid atası qeyd edir.
Şəhidin həyat yoldaşı Aynurə xanım da Bəhramla fəxr edir. Bəhram döyüşlərə yollananda ona bu sözləri deyib: “Başınızı hər zaman uca tutun, biz haqq yolunda döyüşə yollanırıq. Torpaqlarımızın haray səsi bizləri səsləyir”. İndi Bəhram haqqında danışmaq Aynurə xanım üçün çox çətindir. Söyləyir ki, Bəhram dövlətinə, Vətəninə, bayrağına bağlı biri idi. Ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Bu amal uğrunda da şəhidlik zirvəsinə yüksəldi.
Qeyd edək ki, şəhidin 2 oğlan, 1 qız övladı yadigar qalıb. Bəhram Pənahov ölümündən sonra “Vətən uğrunda” və “Döyüşlərdə fərqlənməyə görə” medalı ilə təltif olunub.