“Ad gününün izdihamla keçirilməsini istəyən Süleyman sanki bunu qabaqcadan görmüşdü” – şəhidin həyat yoldaşı VİDEO
Sabirabad, 3 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Süleyman Qarayevin doğum günüdür. Şəhidimizin 26 yaşı onun məzarı yanında qeyd olunub. Qəhrəmanın ad gününə ailə üzvləri, şəhid ailələri, rayon ictimaiyyəti də qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarayev Süleyman Əlbaxış oğlu 1995-ci il iyul ayının 3-də Sabirabad rayonunda dünyaya göz açıb.
Süleyman 44 günlük Zəfər yürüşündə iştirak edən qəhrəmanlar sırasına adını yazmaqla qəlblərdə əbədi yer qazandı. Şəhid atası Əlbaxış Qarayev deyir ki, Süleyman üçün Vətən, bayraq hər zaman müqəddəs olub. Onun bir çox arzuları var idi. Amma Vətən torpaqlarının azadlığını hər şeydən üstün tutdu, bütün planlarını təxirə saldı. Erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması üçün əks-hücum əmri veriləndə döyüşə ilk atılanlardan biri də Süleyman oldu. Ağdam istiqamətində düşmən hücumunun qarşısının alınmasında böyük şücaət göstərib. Snayperçi olan Süleyman açdığı dəqiq atəşlə düşmənin onlarla canlı qüvvəsini məhv edib. Oktyabrın 7-də isə gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Süleymanın həyat yoldaşı Şəlalə Qarayeva və iki övladı onun doğum gününə şəhidimizin hərbi geyimində qatılıb. Şəlalə Qarayeva deyir ki, Süleymanın hərbi geyimi ona əmanətdir: “Süleymanın budəfəki doğum günü istəyinə uyğun oldu. O, ötən il öz ad gününü keçirmədi. Dedi ki, gələn il mənim ad günüm izdihamlı keçiriləcək. Sanki bu günü qabaqcadan görmüşdü. Şəhidlik Süleyman üçün ən uca məqam, ən ülvi arzu idi. İndi o, cənnətdə öz arzusuna qovuşub”.
Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar. Bildirilib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq.
Sonra məktəblilər Vətənə, qəhrəmanlığa həsr edilən şerlər söyləyiblər.
Qeyd edək ki, Süleyman Qarayev döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.