“189” taksi xidmətinin sərnişinləri “Bakcell”in Wi-Fi xidmətindən yararlana bilirlər
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti özünün ən böyük korporativ abunəçilərindən biri olan “Bizim Taksi” MMC (“189” taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib. Bu xidmətdən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bunun üçün “Bakcell” abunəçiləri 189 taksi xidmətinin avtomobillərində “Bakcell” Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən abunəçi və ya rouminqdə olarkən şəbəkəyə qoşulanlar yararlana bilərlər.
“189” taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün “189” taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər”, - deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.