SİYASƏT
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistin Ermənistanda revanşizm meyilləri ilə bağlı sualını cavablandırarkən ifadə edib.
Ermənistan rəhbərliyinin və bütövlükdə cəmiyyətinin müharibədəki məğlubiyyətdən hələ özünə gələ bilmədiyini vurğulayan dövlətimizin başçısı deyib: “Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək”.