1 İYUN - UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM ŞƏNLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 1-də Suraxanı rayonunun Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında 1İyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə bayram şənliyi keçirilmişdir.
Rayonun Bülbülə qəsəbəsində yerləşən “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov və digərləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara qayğısından danışmışlar. Qeyd edilmişdir ki, uşaqların xoşbəxt yaşaması, firavan böyüməsi və yaxşı təhsil alması üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə uşaqlara hər cür şərait yaradılmışdır.
Bayram şənliyinə gələnlər Suraxanı rayonunda fəaliyyət göstərən “Oriqami” Reabilitasiya Mərkəzinin, 2 nömrəli uşaq evinin, 7 nömrəli əqli qüsurlu uşaqlar üçün xüsusi internat məktəbinin, həmçinin Nəsimi və Nərimanov rayonlarında yerləşən internat məktəbləri uşaqlarının əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirdə uşaqlar şeirlər oxumuş, mahnı və rəqslər ifa etmiş, ədəbi-bədii kompozisiyalar göstərmişlər.
Şənliyin bütün iştirakçılarına hədiyyələr paylanmış, döş nişanları verilmişdir.