Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü VİDEO
Tovuz, 10 iyun, AZƏRTAC
Tovuz Rayon Prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirin məqsədi prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsi və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.
Tovuz rayon prokuroru Marif Hüseynov çıxışında bildirib ki, “Açıq qapı” günləri dövlət qurumları ilə ictimaiyyət arasında etimadın möhkəmləndirilməsinə və açıq dialoqun inkişafına mühüm töhfə verir. O, həmçinin rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, vətəndaş müraciətlərinə baxılması və qanunun aliliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesləri və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, “Elektron prokurorluq” informasiya sistemi müraciətlərin daha operativ, şəffaf və səmərəli araşdırılmasına imkan yaradır.
Tədbir çərçivəsində iştirakçılar üçün təqdimatlar keçirilib, suallar cavablandırılıb, həmçinin “Elektron prokurorluq” sistemi və müasir kriminalistik avadanlıqların iş prinsipi əyani şəkildə nümayiş etdirilib.
İştirakçılar daha sonra Tovuz Rayon Prokurorluğunun inzibati binası və iş şəraiti ilə tanış olublar.
Daha sonra Tovuz şəhərində Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzində “Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq” mövzusunda konfrans təşkil olunub.
Tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Daha sonra konfransda Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun nümayəndəsi Ceyhun Kazımov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyində sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və qanunun aliliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ olduğunu vurğulayıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu tarixi dönüşün ölkənin sosial-iqtisadi inkişafına və regionların tərəqqisinə güclü təkan verdiyini bildirib.
Milli Məclisin deputatı Nizami Səfərov Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında həlledici rol oynadığını qeyd edib.
Çıxış edən digər natiqlər Milli Qurtuluş Gününün hüquqi dövlət quruculuğu və milli həmrəyliyin gücləndirilməsindəki rolunu xüsusi vurğulayıblar.
Konfrans çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Müxbir – Ruslan Novruzoğlu