Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
Bakı, 10 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 2 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış 56 məhkumla görüşüblər.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşlər agentliklə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında birgə tədbirlər planına əsasən və “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.
Məhkumlara agentliyin fəaliyyət istiqamətləri, eləcə də cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası üçün qurumun gördüyü işlər barədə ətraflı məlumatlar verilib.
Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri həmin şəxslərin ailələrinə səfərlər edərək, onların sosial xidmətlərə olan tələbatını qiymətləndirir. Qiymətləndirmədən sonra onlara ehtiyaclarına uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı göstərilir.
Görüşlər zamanı məhkumları maraqlandıran suallar da cavablandırılıb.