Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib.
Bu məqsədlə Zaqatala rayonunun Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakənin isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.