Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
Bakı, 10 iyun, AZƏRTAC
Dövlət qulluğunda vakant vəzifələrin tutulması məqsədilə mayın 7-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elan edilmiş vəzifələr üzrə qeydiyyatdan keçmiş 207 namizədlə ümumilikdə 243 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsahibələrin iyunun 17-dən iyulun 27-dək keçirilməsi nəzərdə tutulur. İştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və keçirilmə yeri barədə ətraflı məlumatı DİM-in müvafiq elektron xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd olunub ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və aidiyyəti dövlət orqanları tərəfindən əhəmiyyətli həcmdə vəsait və resurs sərf olunur. Bu baxımdan, namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qiymətləndirilmir, məsuliyyətsiz davranış kimi xarakterizə olunur və həmin hallar Mərkəzin məlumat bazasında qeydə alınır.
Namizədlər müsahibədə iştirakdan imtina etmək istədikləri halda, müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinet nömrəsini seçərək açılan müraciət formasında “İmtina” düyməsini sıxmaqla bu barədə məlumat verə bilərlər.
Mərkəz tərəfindən namizədlərə müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi ünvana yaxınlaşmaları tövsiyə olunur.
Xatırladaq ki, elan üzrə 6 dövlət orqanında mövcud olan 14 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.