Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?
Bakı, 10 iyun, AZƏRTAC
Müasir dövrdə gənclər həm dünya səviyyəsində sürətlə dəyişən qlobal trendlərlə, həm də ölkəmizin daxili inkişaf dinamikasından doğan lokal çağırışlarla üz-üzədirlər. Bu çağırışların fonunda gənclərin potensialını düzgün istiqamətləndirmək və onlara dəstək olmaq mühüm əhəmiyyət kəsb edir.
Gənclər Fondundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, gənclərin qarşılaşdıqları əsas çağırışlar və fondun bu istiqamətdə təklif etdiyi real həllər bir sıra istiqamətlərdən ibarətdir.
Bunlardan birincisi süni intellekt və rəqəmsal transformasiya ilə bağlıdır. Süni intellekt və rəqəmsal transformasiya əmək bazarını sürətlə dəyişdirir, gənclərdən yeni bacarıqlar tələb olunur. Gənclər Fondu gənclərin rəqəmsal əmək bazarına uyğunlaşması üçün xüsusi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramını icra edir. Bu proqram çərçivəsində gənclər gələcəyin peşələri və texnoloji sahələr üzrə biliklərə yiyələnirlər.
İkinci istiqamət iqlim dəyişikliyi və dayanıqlı inkişafla əlaqədardır. Ekoloji böhranlar və yaşıl iqtisadiyyata keçid gənclərin bu prosesdə aktiv iştirakını zəruri edir. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gənclərin ekoloji və sosial məsuliyyətinin artırılması və onların davamlı inkişaf təşəbbüslərində iştirakının təşviqi məqsədilə qrant müsabiqələrində iqlim dəyişiklikləri və ətraf mühitin qorunması, resursların səmərəli istifadəsi, yaşıl həyat tərzi və ekoloji maarifləndirmə, yerli və innovativ dayanıqlı inkişaf təşəbbüsləri prioritet istiqamətlərdəndir.
İstiqamətlərdən üçüncüsü Böyük Qayıdış prosesində gənclərin rolunu əhatə edir. Belə ki, Böyük Qayıdış sadəcə infrastrukturun bərpası deyil, həm də azad olunmuş torpaqlarımıza yeni nəfəsin, elmin, mədəniyyətin və innovasiyanın qaytarılması prosesidir. Gənclər bu tarixi mərhələdə sadəcə iştirakçı deyil, prosesin əsas hərəkətverici qüvvəsidir. Keçirilən qrant müsabiqələrində gənclərin milli-mənəvi dəyərlər əsasında yetişməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və dövlətçilik prinsiplərinə bağlılığının artırılması prioritet istiqamətlərdəndir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə keçirilən genişmiqyaslı layihələrdə könüllülərin iştirakını təşviq etmək məqsədilə Gənclər Fondu tərəfindən “Qayıdış Könüllüləri” Proqramı icra edilir. Proqram əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq edir və Böyük Qayıdış prosesinə töhfə verir.
Dördüncü istiqamət region gənclərinin inkişafı və məşğulluğu ilə bağlıdır. “Paytaxt və regionlar arasındakı imkan bərabərliyinin qorunması, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində layihə və təşəbbüslər irəli sürülür. Qrant layihələrinin qiymətləndirilməsi zamanı regionlarda yaşayan, sosial baxımdan həssas kateqoriyalara aid olan gənclərin layihələrinə xüsusi üstünlük verilir. Bundan əlavə, regionlarda gənclərin özünüməşğulluğunu artırmaq üçün müxtəlif praktiki fəaliyyətlər dəstəklənir. Fondun dəstəyi ilə IDEA İctimai Birliyinin həyata keçirdiyi “Gənc arıçı” layihəsi arıçılığın regionlarda ekosahibkarlıq forması kimi inkişafını təşviq etməklə yanaşı, ekoloji cəhətdən təmiz kənd təsərrüfatının dəstəklənməsinə, təbii bal istehsalının artırılmasına və gənc ailələrin dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verir. Eyni zamanda, dövlət gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə vermək məqsədilə “Səyyar Gənclər Xidməti” layihəsi də həyata keçirilir. Bu layihə ucqar kəndlərdə yaşayan gənclərə müxtəlif imkanlar təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində gənclərin yaradıcılıq bacarıqlarının və intellektual potensiallarının, şəxsi və karyera inkişaflarının artırılması məqsədilə maarifləndirici sessiyalar, təlimlər, vörkşoplar və ustad dərsləri təşkil edilir”, - deyə Gənclər Fondundan bildirilib.