DÜNYA
2018-ci ildə daha 28 milyon nəfər öz evlərini yeni yaşayış yeri axtarışında tərk etmək məcburiyyətində qalıb
Stokholm, 11 may, AZƏRTAC
Ötən il daha 28 milyon nəfər öz ölkələrində evlərini yeni yaşayış yeri axtarışında tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC bu barədə “Qaçqınların işləri üzrə Norveç şurası” və dünyada ölkə daxilində yaşayış yerlərini dəyişən şəxslərin vəziyyəti ilə bağlı işlərinə nəzarət edən “IDMC” təşkilatının yeni hesabatına istinadla xəbər verir.
“Hərbi əməliyyatlar və münaqişələr nəticəsində ölkə daxilində yaşayış yerlərinin dəyişməsi barədə hesabat” adlanan sənəddə baş verən vəziyyət açıq şəkildə təqdim edilir. Sənədə əsasən, ötən il 11 milyon insan həyatlarını xilas etməkdən ötrü öz ölkələrindən qaçmağa məcbur olublar. Bu, əsasən, Efiopiya, Konqo Demokratik Respublikası və Suriya sakinləridir. Ötən il ölkə daxilində yaşayış yerini dəyişən bütün insanların üçdə ikisi və ya 7,5 milyon nəfəri Afrika qitəsi ölkələrinin, o cümlədən Somali, Nigeriya, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan kimi ölkələrin payına düşür.
Bununla yanaşı, hava və təbii fəlakətlərlə bağlı problemlər ucbatından da bir çox insanlar evlərini tərk etməyə məcbur olublar. 16 milyon nəfər təbii hadisələr, o cümlədən qasırğa, tayfun, tufan səbəbindən evsiz-eşiksiz qalaraq, qaçmağa üz tutublar. Quraqlıq və meşə yanğınları da bu səbəblər sırasındadır. Lakin ən çox yayılan təbii fəlakət daşqınlardır. Burada Asiya və Sakit okean ölkələri daha çox əziyyət çəkiblər.
Bəzən pis hava şəraiti də artıq müharibələrdən əziyyət çəkmiş insanlara bədbəxtlik gətirir. Məruzədə düşərgələrdə yaşayan suriyalı qaçqınların onlara verilən çadır və sığınacaqların standartlara uyğun gəlməməsi və daşqınlardan qorumaması səbəbindən yaşayış yerlərini yenidən dəyişmək məcburiyyətində qaldıqlarından danışılır.
Öz evlərini tərk etmək məcburiyyətində qalan insanların əksəriyyəti yemək və yaşayış yeri almaqdan ötrü şəhərlərə üz tuturlar. Lakin urbanizasiya özü də ölkə daxilində yerdəyişən şəxslərin sayının artmasına səbəb olur. Bütövlükdə mürəkkəbləşən vəziyyətə baxmayaraq, qeyri-hökumət təşkilatlarının nümayəndələri Ukrayna və İraqda məcburi köçkünlər üçün yaşayış yerinin necə təşkil olunması kimi müsbət nümunələr barədə də bildirirlər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm