20 Yanvar Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb
Bakı, 10 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bunu yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva söyləyib.
G.Baxşəliyeva deyib: “28 il əvvəl baş vermiş hadisələri bir tərəfdən faciə kimi xatırlayırıqsa, digər tərəfdən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları keçmiş sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”.
Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva bildirib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.
İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “20 Yanvar - azadlıq səngəri” mövzusunda məruzəsində bu faciənin Azərbaycanın tarixinə qanla yazıldığını, xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyib, faciədən əvvəl baş vermiş hadisələri təhlil edib. O, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək doğma xalqı ilə bir yerdə olduğunu və faciəyə siyasi qiymət verdiyini xatırladıb.
Çıxış edənlər 20 Yanvar faciəsindən illər keçməsinə baxmayaraq xalqımızın o müdhiş gecəni daim ürək ağrısı ilə xatırladığını söyləyiblər.