20 YANVAR FACİƏSİ SOYDAŞLARIMIZ KİMİ, GÜRCÜLƏRİ DƏ GÖYNƏTMİŞDİR
Artıq can üstündə olan sovet imperiyasının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciə Gürcüstanda yaşayan soydaşlarımızla yanaşı, bir il əvvəl sovet qoşunlarının vəhşiliyinə məruz qalmış gürcü xalqını da göynətdi. İmperiya ordusunun qanlı cinayətləri azadlıqsevər Azərbaycan və gürcü xalqlarının müstəqillik və suverenlik iradəsini qıra bilmədi, əksinə, onları bu amal uğrunda mübarizədə daha sıx birləşdirdi.
Bu fikir 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı qırğının 13-cü ildönümü ilə əlaqədar ölkəmizin Tbilisidəki səfirliyində keçirilmiş matəm yığıncağında səslənmişdir. Yığıncaqda soydaşlarımızla yanaşı, gürcü ziyalıları da iştirak edirdilər.
Səfir Hacan Hacıyev yığıncağı açaraq, yanvarın 20-nə keçən gecə təkcə Bakıda deyil, Azərbaycanın bir neçə bölgəsində də törədilmiş faciə barədə danışaraq vurğuladı ki, təpədən dırnağadək silahlandırılıb dinc əhalinin üstünə göndərilən ordu hətta uşaqlara, qandınlara və qocalara da rəhm etmirdi. Azərbaycan xalqının başına gətirilən bu müsibətə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra lazımi qiymət verildi.
Yığıncaqda Gürcüstan Prezidenti İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri şöbəsi müdirinin müavini İmir Məmmədli, parlamentin deputatları Azər Süleymanov, Hidayət Hüseynov, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri Novruz Bayramov və başqaları çıxış edərək, bir daha belə fəlakətlərə düçar olmaması üçün Azərbaycan xalqını müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin ətrafında sıx birləşməyə, onun daxili və xarici siyasətini hamılıqla dəstəkləməyə çağırdılar.
Tbilisidəki Cümə məscidində Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Msxeta rayonlarında və Tbilisi, Rustavi şəhərlərində yaşayan soydaşlarımızın nümayəndələrinin iştirakı ilə matəm mərasimi keçirilmiş, şəhidlərimizin ruhuna dua oxunmuş, ehsan verilmişdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi