REGİONLAR
20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub VİDEO






Şirvan, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 35 il ötür. Ümumxalq Hüzn Günü Şirvan şəhərində böyük izdihamla qeyd olunub.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülərək, ruhlarına dualar oxunub.
Şirvan şəhər Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhid analarının şərəfinə ucaldılan “Şəhid anası” memorial abidə kompleksi ziyarət edilib, önünə əklil qoyulub. “Şəhid anası” memorial abidə kompleksinin qarşısında davam edən tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən danışıblar.
20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyi diqqətə çatdırılıb.
Tədbirdə şagirdlər 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən, qatarlardan səs siqnalları verilib.