CƏMİYYƏT
Bir ay ərzində 400 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Bakı, 11 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilmişdi.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədov Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılıb.
Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının bir ay ərzində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər tutulub.
Qanunsuz dövriyyədən “qara” bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb.
Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.