Stokholmdakı “Qarabağ” bazar günü məktəbi Zəfər Gününə hazırlaşır VİDEO
Stokholm, 2 noyabr Nərgiz Cəfərli, AZƏRTAC
Azərbaycan diasporunun formalaşması prosesi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin siyasi kursu və onun verdiyi tapşırıqlar diaspor hərəkatını daha da gücləndirib.
Diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi işində gənc soydaşlarımızın təkcə ana dilimizi öyrəndiyi deyil, həm də Azərbaycan xalqının mədəni-tarixi irsi ilə tanış olduqları bazar günü məktəbləri mühüm rola malikdir.
Belə təhsil ocaqlarından biri də 2018-ci il sentyabrın 1-də İsveçin paytaxtı Stokholmda açılmış “Qarabağ” bazar günü məktəbidir. Məktəbin təsisçisi - SAF (Svensk-azerbajdzjansk förening) təşkilatının sədri, ixtisaslı həkim Sevda Dadaşova AZƏRTAC-a müsahibəsində məktəbin fəaliyyəti və gələcək planlardan bəhs edib.
-Məktəbin açılması hansı məqsədləri daşıyır?
-Əsas məqsəd azərbaycanlı uşaqların assimilyasiyasının qarşısını almaqdır. Uşaqlarımızın öz köklərini unutmaması, mədəniyyətimizi bilməsi, Azərbaycan tarixinə bələd olması və ənənələrimizə hörmətlə yanaşması çox vacib amillərdir.
-Lütfən, “Qarabağ” məktəbinin fəaliyyəti barədə danışardınız.
-Əvvəlcə qeyd edim ki, bütün məşğələlər Azərbaycan dilində keçirilir. Şagirdlərin dilimizi bilməsi səviyyələri fərqlidir. Elə uşaqlar var ki, onlar İsveçdə dünyaya gəlib və ana dilində danışa bilmirlər. Amma müəllimlərimizin səyləri sayəsində bu uşaqlar cəmi bir il müddətində öz fikirlərini problemsiz ifadə edir və azərbaycanca nitqi başa düşürlər.
Məşğələlər bazar günləri keçirilir. Uşaqlar musiqi, rəqs və kulinariya dərslərinə də getmək imkanına malikdirlər. Məktəbin xoreoqrafı bizim uşaqlar üçün məxsusi olaraq “Uzundərə” və “Naz eləmə” rəqslərini öyrədib. Musiqi dərslərində isə, əsasən, vətənpərvərlik mahnıları öyrənirik.
Bununla yanaşı, məktəbin əməkdaşları yeni gələn ailələrə İsveç cəmiyyətinə inteqrasiya etməkdə köməklik göstərir, onları bu ölkənin qanun-qaydaları ilə tanış edirlər.
-Məktəbin şagirdləri isveçlilərin tədbirlərində iştirak ediblər?
-Bəli, dəfələrlə. “Qarabağ” rəqs qrupu Stokholmda keçirilən festivallarda iştirak edib, uşaqlar diplom və mükafatlarla təltif olunublar. Tamaşaçılar onların çıxışlarına böyük maraq göstərib, sürəkli alqışlarla qarşılayıblar.
Biz çıxışlarımız zamanı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında informasiyaları da çatdırır, öz doğma evlərindən didərgin salınmış məcburi köçkünlərdən bəhs edirdik. Xoşbəxtlikdən, indi bunların hamısı geridə qalıb.
Elə hallar olub ki, konsertdən sonra insanlar bizə yaxınlaşıb və Qarabağda vəziyyətlə bağlı suallar verib, Azərbaycan haqqında daha çox məlumat almaq istədiklərini bildiriblər.
Beləliklə, biz rəqs və mahnılar vasitəsilə isveçlilərə həqiqətləri çatdırır, onlara dolğun informasiya verirdik.
“Qarabağ” rəqs qrupu İsveçin hüdudlarından kənarda keçirilən tədbirlərdə də iştirak edib. Biz bir neçə dəfə Finlandiyada təşkil edilən uşaq festivalında çıxış etmişik. Bundan başqa, bizi Macarıstan, Türkiyə, İsveçrəyə dəvət ediblər. Təəssüf ki, pandemiya səbəbindən o vaxt bir çox tədbirlərdə iştirakımızı təxirə salmalı olduq. Amma indi yenə də dəvətlər daxil olur.
-Gələcəklə bağlı planlardan bəhs edərdiniz.
-Məktəbin fəaliyyətini genişləndirməyi, təsviri incəsənət məşğələlərinə başlamağı nəzərdə tuturuq. Bununla yanaşı, həm qızlar, həm də oğlanlar üçün yeniyetmələrdən ibarət “Qarabağ” futbol komandaları yaratmağı planlaşdırırıq.
-Məktəbiniz Zəfər Günü münasibətilə tədbir keçirməyi nəzərdə tuturmu?
-Əlbəttə! Noyabrın 8-də biz bütün heyətlə toplaşaraq vətənpərvərlik mahnıları və şeirləri ilə çıxış edəcəyik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini yad edəcəyik. Şagirdlər bu əlamətdar günlə bağlı videoçarx da hazırlayıblar.