SİYASƏT
28 May - Respublika Günü Suriyada qeyd edilmişdir
Bakı, 30 may (AZƏRTAC). Azərbaycanın Suriyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə diplomatik nümayəndəliyimizin əməkdaşları və Dəməşqdəki Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev xalqımızın azadlıq və müstəqillik mübarizəsindən, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışmışdır. Diplomat AXC-nin qısa müddət ərzində əldə etdiyi uğurlar, təhsil sahəsindəki nailiyyətlər, dövlət və ordu quruculuğu ilə bağlı görülən işlər, qadınlara seçki hüququnun verilməsi, respublikanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi və sovet Rusiyası tərəfindən işğalı haqqında ətraflı məlumat vermişdir.
AXC-nin varisi olan müasir Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərində qarşılaşdığı çətinliklərə toxunan səfir ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ümummilli liderin respublikaya hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, ulu öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın ən sürətlə inkişaf edən və etibarlı dövlətlərindən birinə çevrilmişdir.
Azərbaycanın gücləndiyini, beynəlxalq arenada nüfuzunun gündən-günə artdığını, vətəndaşlarının rifah halının yaxşılaşdığını və mehriban qonşuluq siyasətinə sadiq qaldığını bildirən M.Əliyev respublikamızın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə əminliyini ifadə etmişdir.
Digər çıxış edənlər də Azərbaycan ilə bağlı fikir və arzularını bildirmişlər.