SİYASƏT
Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub





Tbilisi, 29 may, AZƏRTAC
Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Acarıstan MR Ali Məclisinin sədri Davit Gabaidze, təhsil naziri Maiya Xajişvili, səhiyyə nazirinin müavini Zurab Tenieşvili, Batumi şəhərinin vitse-meri Levan Davitadze, Türkiyənin Baş konsulu Rıza Kağan Yılmaz, Acarıstan MR-in turizm departamentinin müavini Tamar Kaikatsishvili, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Kulevi QDT-nin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və media nümayəndələri iştirak ediblər.
Batumi Mədəniyyət Mərkəzin musiqiçiləri hər iki ölkənin Dövlət himnlərini səsləndiriblər.
Baş konsul Pərviz İsmayılzadə çıxış edərək 106 il bundan əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əhəmiyyətindən söz açıb, AXC-nin ölkəmizin həyatında böyük tarixi rol oynadığını qeyd edib. O bildirib ki, AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1990-cı illərdə yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli addımlar atıb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Dünya şöhrətli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ötən illər ərzində bütün müstəvilərdə əldə etdiyi uğurların və yazdığı Qələbə salnaməsinin əsasını qoyub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edilib və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Əldə olunmuş Qələbə təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açıb, Cənubi Qafqazda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bünövrəsini qoyub.
Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan olduğunu vurğulayan diplomat yaxın aylarda Bakıda COP29-un keçiriləcəyini xüsusi qeyd edib.
Ali Məclisin sədri Davit Gabaidze 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub: “Bu, bizim üçün qürurverici haldır”.
Çıxışlardan sonra Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdləri Vətənə, xalqa dostluğa aid şerlər söyləyib, Batumi Mədəniyyət Mərkəzin tanınmış musiqiçisi Diana Palavandişvili Azərbaycan və gürcü mahnılarını ifa edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi