SİYASƏT
“OneSXM” Assosiasiyasının rəhbəri: Biz artıq Sent-Martinin müstəmləkə olmasını istəmirik VİDEO
Nyu-York, 21 iyun, AZƏRTAC
“Bizim adamız Fransa və Niderland tərəfindən iki hissəyə ayrılıb. Biz bu iki Avropa ölkəsinin müstəmləkəsiyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sent-Martinin “OneSXM” Assosiasiyasının rəhbəri Rhoda Arrindel deyib.
O bildirib ki, bu, Karib dənizində yerləşən, Karib kimliyinə malik balaca adadır. “Bizim xalqımız birdir, fərqli idarəçiliyə malik olsaq da, tarixən və mədəni cəhətdən vahid xalqıq. Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfranslara qatılmaqla biz adamızdakı vəziyyəti dünyaya çatdırmaq şansını əldə edirik”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Niderland düşünür ki, Sent-Martin müstəmləkə deyil və ada ilə bağlı “Krallıq daxilində muxtar dövlət” terminini işlədirlər: “Buna görə də biz BMT-nin özü-özünü idarə etməyən ərazilər siyahısında deyilik. Çünki Niderland 1950-ci ildə BMT-nin bəzi ölkələrini bizim artıq müstəmləkə olmamağımızla bağlı inandırmağı bacarıb. Fransa isə adanı “dənizaşırı kollektivlik” adlandırır. Bu, daha çox müəyyən muxtariyyət səviyyəsində Parisə inteqrasiya mənasını daşıyır. Lakin bütün bunlar kağız üzərindədir. Çünki biz Fransa, o cümlədən Niderland hökumətinin müdaxiləsi, təsdiqi olmadan adamızla bağlı heç bir qərar verə bilmirik. Bu cür konfranslarla biz BMT-nin siyahısına təkrar daxil olacağımıza, təşkilatın Sent-Martində baş verənlərə görə Niderland və Fransanı günahkar hesab edəcəyinə ümid edirik. Adamız üçün tam suverenlik və müstəqillik istəyirik. Biz artıq müstəmləkə olmaq istəmirik”.
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York