Səudiyyə Ərəbistanından təxliyə olunan vətəndaş: Bizə dedilər ki, artıq Azərbaycandan göstəriş gəlib və bu plan üzrə işlər görülür VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Hadisənin əvvəlindən sonuna qədər bizə dəstək göstərdiyi üçün Prezident İlham Əliyevə, Xarici İşlər Nazirliyinə və Qətərdə yerləşən səfirliyimizə xüsusi təşəkkür edirik. Həmçinin turizm şirkəti də orada bizə çox böyük dəstək oldu. Əvvəldən sonuna qədər bizim qayğımıza qaldılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq Bakıya təxliyə olunan Azərbaycan vətəndaşı Çinarə Kərimova deyib.
Hadisələrin gedişatı haqqında danışan vətəndaş bildirib ki, martın 1-ə planlaşdırılan uçuş fevralın 28-də baş verən hadisələrdən - fövqəladə vəziyyətin elan olunmasından sonra təxirə salınıb.
"Bütün turistləri eyni hotelə yerləşdirdilər. Bizə dedilər ki, artıq Azərbaycandan göstəriş gəlib və bu plan üzrə işlər görülür. Həmin plan da artıq həyata keçirilirdi. Gündə üç dəfə qidalanma ilə təmin olunurduq. Qayğımıza çox qalırdılar. Səfirliyin nümayəndəsi bəzən gündə iki dəfə, hətta bəzən gecə saat 1-ə qədər gəlirdi. Orada yaşayan azərbaycanlılar da bizə çox böyük dəstək oldular. Hətta orada yaşayan insanlar bizi evlərinə dəvət edir, həm maddi, həm də mənəvi dəstək göstərməyə çalışırdılar. Ona görə hamısına təşəkkür edirik", - deyə o əlavə edib.