Buraya gəlib istədiyimizi ala bilirik – “Kənddən Şəhərə” Novruz yarmarkasından reportaj VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-si səhər saatlarından Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanındayıq. Burada Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” Novruz yarmarkası açılıb. Küləkli havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu satılmışdı. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. On iki gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkada 25 regiondan 55 fermer 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.
AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.

Daşkəsəndən gələn fermer Rizvan Tanarquliyev alıcılardan razıdır: " Gədəbəy, Kəlbəcər, Daşkəsən balı süzüb gətirmişik, kiloqramını 20-25 manata satırıq. Kimə lazımdırsa, gəlib alır. Qış balının yeməli vaxtıdır. Hər il yarmarkada iştirak edirik".

Balakəndən gələn fermer Sara Həsənova Novruz süfrəsində yeyilən çərəz və quru meyvələrin satışını edir: "Qoz, fındıq, badam ləpəsi gətirmişəm. Keçən il də yarmarkaya gəlmişdik. Sağ olsunlar, şərait yaradırlar. Biz qiymətləri münasib edirik ki, alıcılar da gəlirlər".

Astaradan gələn satıcı Zemfira Əliyeva yarmarkada sitrus meyvələrinin satışı ilə məşğul olur: "Məhsullarımızı gətirmişik. Qiymətləri münasib etməyə çalışırıq ki, camaat alsın. Yarmarkaya son 5-6 ildir məhsul çıxarırıq. Alıcılıq qabiliyyəti var, razıyıq".

Alıcılar da məhsul bolluğu və qiymətlərdən razıdır. Daimi alıcı, özünü təqdim etmək istəməyən Bakı sakini yarmarkanın açılışına sevinənlərdəndir: " Nəyə ehtiyac varsa, gəlib alırıq. Başqa bazarlara getmirik. Camaat gəlirsə, deməli, qiymət fərqi var. Novruza aid təamları da buradan alırıq. Qiymətlər bizi qane edir" .

Alıcı Sevinc Abbasova yarmarkanın davamlı fəaliyyətdə olması barədə istəyini gizlətmir: "Burada satılan kənd təsərrüfatı məhsullarıdır, keyfiyyətli və ucuz mallardır. Bura gəlib istədiyimizi ala bilirik. Camaatın adından deyirəm ki, təkcə bayram günləri deyil, ilboyu hər şənbə-bazar bura işləsin. Bunu bu ətrafda yaşayan camaatın adından xahiş edirik”

“Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin üzvü Faiq Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, yarmarka ərazisində Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası fəaliyyət göstərir: "Əsas məqsəd şəffaflığın təmini və vətəndaşları satılan məhsulların keyfiyyətinə əmin etməkdir. Yarmarkalarımızda iştirak edən fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. İnanırıq ki, bu yarmarka vətəndaşların münasib qiymətə yerli məhsul əldə etməsinə şərait yaradacaq, həm də bayram əhvali-ruhiyyəsinə töhfə verəcək", - deyə o qeyd edib.
Müxbir - Nailə Həsənova
Foto - Səfiyar Məcnun