Yaxın Şərqdən təxliyə olunan Azərbaycan vətəndaşı: Dövlətimiz bizə arxa-dayaq oldu, doğmalarımıza qovuşduq VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Dövlətimiz bizə arxa-dayaq oldu və sağ-salamat gəlib öz doğmalarımıza qovuşduq. Fevralın 6-dan Dohada olmuşuq və martın 1-i qayıtmalı idik. Amma regionda baş verən hadisələrlə bağlı gələ bilmədik. Dohada vəziyyət çox pis idi, şəhər raket zərbələrinə məruz qalırdı. Odur ki, çölə çıxmaq mümkün deyildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar Bakıya təxliyə olunan Azərbaycan vətəndaşı Vüsal Nəsirov deyib.
O bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşları onlarla maraqlanır, təxliyə üçün lazımi işləri görürdülər: "Konsulluqdan gəlib durumumuzla maraqlanırdılar. Oradan çıxmaq üçün bir yol olacağını deyirdilər. Azərbaycanın həm Qətərdəki, həm də Səudiyyə Ərəbistanındakı səfirliyi bütün təşkilatçılığı öz üzərinə götürdü. Dövlətimizə, bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".