Ordubadın incisi Göygöl - eyni məkanda dörd fəslin yaşandığı təbiət möcüzəsi VİDEO
Naxçıvan, 13 avqust, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti təqdimatı Ordubadın incisi Göygölə həsr olunub.
Ordubad rayonunun Bist-Nurgüt kəndləri istiqamətində, uca dağların qoynunda yerləşən Göygöl öz ecazkar təbiəti və bənzərsiz landşaftı ilə seçilir. Göl Zəngəzur silsiləsinin Cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir. Suyu şəffaf göyümtül rəngə çaldığına görə adı “Göygöl” adlandırılıb.
Göl suyunu dağ zirvələrində əriyən qar sularından və gölün ortasında qaynayan bulaqlardan alır. Saf və şəffaf sular, ətrafını əhatə edən qayalıqlar, alp çəmənlikləri və zəngin flora bu əraziyə xüsusi gözəllik bəxş edir.

Yerli sakinlər bu təbiət incisini "dörd fəsil" gölü adlandırırlar. Bunun səbəbi isə ərazidə müşahidə olunan maraqlı təbiət hadisəsidir. Belə ki, gölün bir sahilində hələ də qar örtüyü qaldığı halda, digər sahilində baharın nəfəsi duyulur, yaşıllıq canlanır və çiçəklər açır. Eyni məkanda fərqli fəsillərin ab-havasını hiss etdirmək Göygölü Naxçıvanın ən füsunkar və özünəməxsus təbiət guşələrindən birinə çevirir. Göygöl təkcə təbiətsevərlər üçün deyil, həm də fotoqraflar, dağ yürüşü həvəskarları və ekoturizmə maraq göstərən turistlər üçün cəlbedici məkanlardan biridir. Buraya gələn ziyarətçilər saf dağ havasından, ecazkar mənzərələrdən və təbiətin bəxş etdiyi sakitlikdən zövq alırlar. Xüsusilə yaz və yay aylarında ərazi al-əlvan çiçəklərə bürünərək unudulmaz təbiət mənzərələri yaradır.

Təbiətin bəxş etdiyi bu nadir gözəllik Göygölü Naxçıvanın turizm potensialını zənginləşdirən mühüm təbiət abidələrindən birinə çevirib. Gölün və ətraf ərazilərin qorunması, eləcə də geniş təbliği ekoturizmin inkişafına, bölgəyə yerli və xarici turist axınının artmasına mühüm töhfə verir. Bu təbii və tarixi irsin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi, 2025-ci il iyulun 11-də UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycanın təqdim etdiyi "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Müxbir - Nail Əsgərov