Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir VİDEO
Xocalı, 14 avqust, AZƏRTAC
İllərlə həsrətini çəkdiyi doğma torpağa qayıdış Niyaməddin Əli oğlu Ağayev üçün həyatının ən unudulmaz səhifələrindən birinə çevrilib. Bir vaxtlar köçkün düşərgələrində, yad ünvanlarda gələcəyə ümid edən ailə bu gün doğma yurdunda süfrə açır, qonaq qarşılayır və zəhməti ilə qazanc əldə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər köçkün həyatı yaşayan Niyaməddin Ağayev müxtəlif vaxtlarda Gəncə və Goranboyda məskunlaşıb. Doğma yurddan uzaqda keçən illər onun və ailəsinin yaddaşında çətinliklərlə, ağır sınaqlarla iz buraxıb. Bu gün isə həmin günlər geridə qalıb.
Niyaməddin Ağayev artıq Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurduna qayıdıb və Xocalı rayonunun Ballıca kəndində ata-baba torpağında yaşayır. Ailə üzvləri ilə birlikdə həyətində kiçik iaşə məkanı yaradıb. Burada kətə və qutab hazırlayaraq həm qonaqları qarşılayır, həm də ailə biznesini inkişaf etdirir.
Xüsusilə yay aylarında Ballıcaya gələn yerli və xarici qonaqlar Niyaməddin Ağayevin həyətindəki məkana baş çəkirlər. Qonaqlar burada hazırlanan kətə və qutabın dadına baxır, eyni zamanda, ailənin səmimi qonaqpərvərliyi ilə tanış olurlar.
Niyaməddin Ağayev deyir ki, qurduqları kiçik biznesdən yaxşı qazanc əldə edirlər. Lakin onun üçün ən böyük qazanc doğma torpaqda yaşamaq, ailəsi ilə birlikdə çalışmaq və gələcəyə inamla baxmaqdır.
Onun sözlərinə görə, Ballıcaya qayıdış ailəsinin həyatında yeni mərhələnin başlanğıcı olub. İndi onlar ata-baba torpaqlarında yaşamağın, zəhmətləri ilə çalışmağın sevincini bölüşür, kəndin saf havasından, suyundan və əsrarəngiz təbiətindən zövq alırlar.
İllərlə həsrətində olduqları doğma torpaqda bu gün Ağayevlər ailəsinin süfrəsi açıq, həyəti qonaqlı-qaralıdır. Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir. Ailə doğma yurdda həm yaşayır, həm çalışır, həm də gələcəyini qurur.