44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi
Bərdə, 17 noyabr, AZƏRTAC
Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Bərdə regional “ASAN xidmət” mərkəzində gənclərlə keçirilən görüşdə səsləndirilib.
Tədbirdə çıxış edən “ASAN xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov Azərbaycan gənclərinin vətənpərvər, savadlı, dünyagörüşlü, ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olmasından danışıb.
Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəaldırlar.
Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin əməkdaşlarının və könüllülərinin, Bərdə İdarəetmə və Texnologiya kollecinin, Bərdə Peşə Liseyinin tələbələrinin və rayon gənclərinin iştirak etdiyi tədbir diskussiya şəraitində keçib, iştirakçıların sualları cavablandırılıb.