İDMAN
“Neftçi” UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə vəsiqə qazanıb VİDEO
Bakı, 8 avqust (AZƏRTAC). Bakının “Neftçi” futbol komandası avqustun 7-də UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Gürcüstanın “Çixura” kollektivi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda keçirilən oyunu Macarıstandan olan baş hakim Tamas Bognar idarə edib. Ona həmyerliləri Qyörgi Rinq, Peter Berettyan kömək ediblər.
“Neftçi”nin heyətində oyuna Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Bruno Bertuççi, Kaue, Mirhüseyin Seyidov, Ernest Nfor çıxıb.
“Çixura”nın ilk on birliyində Maksik Kvilitiya, Qiorqi Kimadze, Şota Kaşiya, Qiorgi Rekhviaşvili, Qiorqi Cambul Ciquari, Qiorqi Koripadze, Qiorqi Datunayşvili, David Odikadze, Qiorqi Qabedava, Laşa Kutsuxidza və Besik Dekonadze yer alıb.
Qarşılaşma səfərdə gözəl və əzmkar oyun nümayiş etdirən “Neftçi” komandasının 3:2 hesablı üstünlüyü ilə başa çatıb.
Görüşdə qolları oyunun 16-cı, 27-ci və 38-ci dəqiqələrində “Neftçi”nin oyunçusu Ernest Nfor və 30-cu və 51-ci dəqiqələrdə isə rəqib komandanın futbolçusu Qiorqi Qabedava vurublar.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmayıb. Beləliklə, Azərbaycan kubokunun sahibi “Neftçi” komandası Gürcüstanın “Çixura” komandası ilə səfər oyununda qalib gələrək iki oyunun nəticəsinə görə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
“Neftçi”nin pley-off mərhələsindəki rəqibi avqustun 8-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmadan sonra məlum olacaq.
Pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları isə avqustun 28-də keçiriləcək.