83 nömrəli məktəb-liseyin şagirdləri Neft-Kimya Prosesləri İnstitutunda olublar
Bakı, 20 may, AZƏRTAC
Bakı şəhəri Binəqədi rayon 83 nömrəli məktəb-liseyin VIII-IX sinif şagirdlərinin bir qrupu AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şagirdlər institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Vaqif Abbasov şagirdlərə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.
Şagirdlər, həmçinin NKPİ-də Y.Məmmədəliyevin memorial muzeyində olublar. Akademik Vaqif Abbasov şagirdlərə görkəmli alimin həyatı və elmi işləri haqqında ətraflı məlumat verib.
Sonda şagirdlər institutun laboratoriyaları ilə tanış olublar.