İQTİSADİYYAT
Azərbaycanda torpaqların dəqiq elektron uçotu sistemi yaradılır VİDEO
Bakı, 27 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə ilk dəfə olaraq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması işinə başlanılıb və hazırda bu iş uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı yanvarın 27-də komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində ictimai təqdimat keçirilib.
Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəisi Ramiz Quliyev təqdimat çərçivəsində Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib və slaydlar nümayiş etdirib. O, torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması və bu sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə danışıb: “Respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir və yaxın bir ay ərzində bu iş yekunlaşacaq. Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların rəqəmsal torpaq xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb. Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min hektar ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barədə müfəssəl kadastr işi yekunlaşacaq. Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb. İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 milyon hektar ərazidə artıq yekunlaşıb”.
Bildirilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Uçot sisteminin proqram təminatının yaradılması işinə ötən il başlanılıb və bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.
Bu sahədə yeni texnologiyalar tətbiq edilir, müasir çöl-ölçmə cihaz və avadanlıqdan, həmçinin coğrafi mövqeləndirmə stansiyaları və aerokosmik çəkiliş materiallarından istifadə olunur, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı işlər görülür.
Xidmət rəisi qeyd edib ki, torpaqların elektron kadastr uçotu sistemi müasir tələblərə uyğun milli məkan məlumatları infrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Bu sistemin yaradılması nəticəsində respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq.
Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində ölkənin ərzaq təhlükəsizliyi məqsədilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Respublikanın torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaranacaq. Eyni zamanda, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaranacaq. Dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalatının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarların verilməsi mümkün olacaq.