Şimal bölgəsində 700 hektar sahədə meyvə bağı salınacaq VİDEO
Quba, 11 fevral, Elxan Yusifli, AZƏRTAC
Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağı salınacaq. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağaclardan bir ildən sonra 8 faiz, üçüncü il 40 faiz, dördüncü il isə 100 faiz məhsul əldə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində fermerlər və kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda məlumat verilib.
“Meyvəçilikdə intensiv becərmə texnologiyalarının tətbiqi” mövzusuna həsr olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaranıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb və normativ hüquqi baza təkmilləşdirilib. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir.
Seminarda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqində kənd təsərrüfatın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bir daha diqqətə çatdırılıb. Ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının əsas istiqamətlərdən biri olduğu vurğulanıb.
“Meyvəçiliyin intensivləşdirilməsində ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”, “İntensiv meyvə bağlarında aqrotexniki becərmə tədbirləri”, “İntensiv meyvə bağlarında fitosanitar tədbirlər” və “Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində məsləhət xidmətinin təşkili” mövzularında məruzələr fermerlər tərəfindən maraqla qarşılanıb.
Daha sonra seminar iştirakçıları nümunəvi müasir tipli intensiv meyvə bağı təsərrüfatına baxış keçiriblər.