REGİONLAR
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib VİDEO
Xaçmaz, 10 mart, Elxan Yusifli, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək. Nəzərdə tutulan layihələrin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilərək, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib. 150-yə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet sayılan süd emalı zavodunun, müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, ixtisaslaşdırılmış “yaşıl market”in və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi diqqətə çatdırılaraq, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 milyon manat güzəştli kredit verilib. Bununla da müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılan meyvə-tərəvəz emalı zavoduna və tutumu 10 min ton olan taxıl anbarında aparılan son tamamlama işlərinə baxış keçirilib.