“Kütləvi çıxarış” kampaniyası Xaçmazda VİDEO
Xaçmaz, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti “Kütləvi çıxarış” kampaniyası martın 18-də Xaçmaz rayonunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, kampaniya zamanı 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. “Kütləvi çıxarış” kampaniyasından yaralanan 150-dək sakinə fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları, vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub. Texniki pasportların komitə tərəfindən hazırlanaraq ünvanlarda vətəndaşlara çatdırılması kampaniyada tətbiq olunan növbəti yenilikdir. Yüzə yaxın sakindən isə kampaniya zamanı çıxarışlarla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədləri qəbul edilib.
Kampaniya çərçivəsində qeydiyyat orqanının əməkdaşları birbaşa vətəndaşların yaşadığı ərazilərə gedərək, əmlakın qeydiyyatı üçün sənədləri qəbul edirlər. Bu sənədlərin əsasında çıxarışlar da əmlak sahiblərinin yaşadığı ərazilərdə paylanır, yəni vətəndaşların bunun üçün qeydiyyat idarələrinə müraciət etməsi tələb olunmur. Bütün bunlar vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. İndiyədək 7 mindən çox vətəndaş kampaniyadan faydalana bilib. Ümumilikdə mobil ofis xidmətləri vasitəsilə 88 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Xaçmaz rayonunda keçirilən kampaniya zamanı torpaq uçotu ilə bağlı geniş maarifləndirmə işləri də aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara pulsuz hüquqi məsləhətlər göstərməyə də başlayıb. Belə ki, vətəndaşların əksəriyyəti əmlak qanunvericiliyi, daşınmaz əmlakın qeydiyyatı prosedurları və bunun üçün tələb olunan sənədlər barədə lazımi məlumata sahib deyillər. Nəticədə əmlakın qeydiyyatı üçün hansı sənədlərin tələb olunduğunu və onların hansı qurumlar tərəfindən verildiyini bilmirlər. Buna görə də, bəzən əmlaklarının qeydiyyatı zamanı çətinliklərlə üzləşirlər. Bu çətinlikləri həll etmək üçün komitə əmlak sahibləri üçün hüquqi məsləhət xidmətinə start verib. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edərək öz əmlakı, aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallar verə bilər. Komitənin əməkdaşları vətəndaşlara bütün bu məsələlərin həllində yardım edəcəklər. Qeyd edək ki, vətəndaşlar əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsələlər barədə komitəyə indiyədək də müraciət edib cavab alırdılar. Yenilik isə həmin xidmətdən fərqlənir. Belə ki, əmlakını qeydiyyata aldırmaq istəyən şəxs komitəyə müraciət edərək bunun üçün tələb olunan sənədlərin siyahısını dəqiqləşdirərkən, komitə əməkdaşları həmin şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də bu sənədlərin hansı qurumlar tərəfindən, necə əldə edilməsi barədə də məsləhətlər verəcəklər. Bu yenilik əhalinin əmlakın qeydiyyatı sahəsində maariflənməsi və məlumatlılığının artması ilə yanaşı, əmlakın qeydiyyatının da sürətlənməsinə və leqal əmlak dövriyyəsinin böyüməsinə imkan verəcək.