REGİONLAR
Xaçmazda keçirilən humanitar aksiyada 100-dən çox donor iştirak edib VİDEO
Xaçmaz, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 4-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 100-dən çox könüllü donordan qan götürülüb.
AZƏRTAC xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Sarayında təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.