SİYASƏT
Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verilib
Vaşinqton, 11 avqust, AZƏRTAC
ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee – AJC) təşəbbüsü ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AJC nümayəndələri ilə onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin bərabər yaşadığını və mədəniyyətlərin müxtəlif olmasını deyən səfir Azərbaycan və yəhudi xalqlarının dostluq əlaqələrinin dərin köklərə malik olmasını və bunun da mədəniyyətlərə, bir çox sahələrdə proqram mübadiləsinin aparılmasına təsirini qeyd edib, həmçinin İsrailin Azərbaycanın enerji layihələrindən faydalandığını söyləyib. ABŞ ilə münasibətlər barədə məlumat verilib, enerji, ticarət, tibb, kənd təsərrüfatı, texnologiya sahələrində əməkdaşlıq qeyd olunub.
Həmçinin Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində həmin ərazidə etnik təmizləmənin baş verdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin regionumuzun gələcəyinə əsas təhlükə və təhdid olduğu diqqətə çatdırılıb.
Cari il iyulun 12-də Azərbaycanın Ermənistanla sərhədində baş vermiş hadisələr haqqında ətraflı məlumat verilib və bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur layihələrinin keçdiyi bildirilib.
Qeyd etmək lazımdır ki, iyulun 21-də Los-Anceles şəhərində Azərbaycan icması üzvlərinə qarşı erməni icması tərəfindən nifrət zəminində törədilmiş vəhşiliklər AJC tərəfindən pislənilib.
AZƏRTAC-ın Vaşinqton bürosu