Oleksandr Mişenko: Ukrayna-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa tam uyğundur VİDEO
Kiyev, 3 iyul, AZƏRTAC
Ukrayna və Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin hazırkı statusuna - strateji tərəfdaşlığa tam uyğundur. Strateji tərəfdaşlıq o deməkdir ki, biz hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycanın torpaqlarını azad etməsini və ərazi bütövlüyünün bərpasını alqışlayırıq. Ukrayna da öz ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko söyləyib.
“Ukrayna üçün ən vacib bir vaxtda generatorların çatdırılmasına, Kiyev və digər bölgələrin sakinlərinin həyatını xilas etdiyi zaman göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm. Rusiya ordusu daima Ukraynanın şəhərlərini atəşə tutur. Buna görə də Azərbaycanın göstərdiyi yardım əvəzsizdir. Bundan əlavə, Ukrayna vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasına yaratdığı şəraitə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. Azərbaycan İrpenin bərpasında yaxından iştirak edir, biz bunu da yüksək qiymətləndiririk”, - deyə Oleksandr Mişenko əlavə edib.
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan və Ukrayna iqtisadi blok, regionlararası əməkdaşlıq komissiyasının işini bərpa etmək üzərində işləyir: “Digər sahələri də müzakirə edirik. Minaların təmizlənməsi də bizi birləşdirir və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərin bərpası təcrübəsi bizim üçün əvəzsiz bilikdir. Bu təcrübə bizim üçün çox vacibdir. Başa düşürük ki, bu, qələbədən sonra çətin prosesdir. Azərbaycan təcrübəsi bizim üçün önəmlidir və maraqlıdır. İki qardaş xalq və dost ölkələr arasında tamhüquqlu strateji tərəfdaşlığımız var”.