REGİONLAR


Astaralı həsirçi: Əvvəllər bu sənəti öyrədənlər də çox idi, öyrənənlər də

Astara, 4 yanvar, Bağır Əliyev, AZƏRTAC

Həsirçilik Azərbaycanda hələ ta qədimdən təşəkkül tapmış xalq sənəti növüdür. Erkən orta əsr dövrlərindən yadigar qalan bu sənət hazırda Azərbaycanın cənub bölgəsinin Astara və Lənkəran rayonlarında davam etdirilir.

Cənub bölgəsində həsirçiliyin inkişafı buranın iqlim şəraiti ilə bağlıdır. Bölgənin iqlimi rütubətli olduğundan həsir rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən olub. Çünki döşəməyə həsir sərilən evdə rütubət olmur.

Həsirçilikdə istifadə olunan əsas xammal bataqlıqda bitən qarğı-qamışdır. Bir həsir naxışından, çeşnəsindən, uzunluq və enindən asılı olaraq 3-5 günə ərsəyə gəlir. Qamışdan təkcə həsir deyil, eyni zamanda, məişətdə istifadə edilən müxtəlif növ ev əşyaları da hazırlanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada bu qədim sənət növü ilə məşğul olanlardan biri rayonun Kakalos kənd sakini Rüfət Rzayevdir.

Uşaq yaşlarından həsir toxumağı valideynlərindən öyrənən və bu sənətin qorunub saxlanmasına xidmət göstərən R.Rzayev, həsirçiliyin incəliklərini Kakalos Kənd Folklor Evi nəzdində fəaliyyət göstərən “Xalq tətbiqi sənəti klubu”nda gənclərə də öyrədir.

Bu sənətlə məşğul olan insanlarda səbir, dözüm, ən başlıcası isə yaradıcılıq keyfiyyətlərinin əsas amil olduğunu söyləyən Rüfət Rzayev bildirib ki, həsir toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə edilir. Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar da toxunur.

R.Rzayev bu sənətə marağın azalmasından gileyini də gizlətmədi: “Əvvəllər bu sənəti öyrədənlər də çox idi, öyrənənlər də. İndi isə belələrini ancaq barmaqla saymaq olar. Halbuki bataqlıqda bitən qamışdan ucuz qiymətə müxtəlif məişət əşyaları hazırlamaq olar. Cənub bölgəsində uzunömürlülüyün sirlərini öyrənən mütəxəssislər bu qənaətə gəliblər ki, evlərdə həsirdən istifadə edən insanlarda yel xəstəliyinə rast gəlinmir.”

Həsir səbətlərdə saxlanılan meyvənin uzun müddət xarab olmadığını söyləyən usta qeyd edib ki, soyuducu həddən artıq soyuq olduqda meyvəni don vurur. Lakin həsir toxunan qamış-çubuqların içərisi boş olduğundan orada havanın temperaturu sabit qalır, buna görə də ərzaq və meyvə təravətini saxlaya bilir.

Əziyyətlə başa gələn həsirlərin satış qiymətləri də baha deyil. Həsirlər ölçüsündən asılı olaraq 10-20 manata satılır. Qamışdan hazırlanan zənbil, tərəzi, çanta, papaq kimi məhsullar isə alıcılara 2-6 manata təklif olunur.

Ömrünün 70-ci ilini yaşayan Rüfət Rzayev təkcə həsirçiliklə məşğul olmur. O, həmçinin Kakalos Xalq Teatrında həvəskar aktyor kimi çıxış edir, rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıq göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.