REGİONLAR
“Azərenerji”: “Mingəçevir” elektrik stansiyasına əlavə avtotransformator quraşdırılıb
Bakı, 5 fevral, AZƏRTAC
“Azərenerji” ASC enerji sisteminin “Reabilitasiya proqramı” çərçivəsində “Mingəçevir” elektrik stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. Stansiyada gərginliyi 220/110 kilovolt (kV), gücü 200 meqavolt amper (MVA) olan avtotransformator, onun 220/110 kilovoltluq hücrələri, açarları, ayrıcları quraşdırılıb.
ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Kür çayının üzərindən keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub. Eyni zamanda, avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.
Dörd ildən artıq idi ki, 220/110 kV hissəyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.
“Əlavə avtotransformatorun qoşulması ilə dayanıqlılıq və etibarlılıq təmin olunmaqla yanaşı, gərginlik də 2 kilovolt artıb. Eyni zamanda, əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib”, - deyə məlumatda bildirilir.