İDMAN
Futbol üzrə Azərbaycan Premyer Liqasında səkkizinci tura yekun vurulub
Bakı, 6 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, səkkizinci turun son matçında “Qarabağ” “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. Matçın 51-ci dəqiqəsində isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. Qarşılaşmanın 79-cu dəqiqəsində “Sabah”ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.
Ardıcıl 7-ci qələbəsini qazanan “Qarabağ” 21 xalla liderliyini daha da möhkəmləndirib. “Sabah” isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçlarında “Sumqayıt” evdə “Keşlə” ilə (0:0), “Zirə” isə “Qəbələ” ilə heç-heçə (1:1) edib. “Neftçi” isə “Səbail”i minimal hesabla (2:1) üstələyib.