REGİONLAR


“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilib

Naxçıvan, 25 iyun, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın 80-ci məşğələsi 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, lektoriyada bölmənin sədri, akademik İsmayıl Hacıyеv Azərbaycan ordusunun keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk milli nizami hərbi hissə yaradılıb. Azərbaycanda Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində mümkün olub. Məhz Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən 26 iyun hər il ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən danışaraq qeyd edib ki, dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri ən müasir texnika ilə təchiz edilib, Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib.

Akademik Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən də bəhs edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə 2017-ci il oktyabrın 18-də keçirilən hərbi parad hər kəsin yaddaşında dərin iz buraxıb. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan çox döyüş helikopteri və təyyarəsi iştirak edib. Bu möhtəşəm tədbir müxtəlif xarici ölkələrin mətbuatında da işıqlandırılıb. Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülməsi də onun qüdrətinin göstəricidir.

“Azərbaycan xalqı heç vaxt torpaqlarının düşmən tapdağı altında olması ilə barışmayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında günü-gündən qüdrətini artıran ordumuz torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə qadirdir. 2016-cı ildə Aprel döyüşləri və bu il may ayının sonunda həyata keçirilən Günnüt hərbi əməliyyatı da ordumuzun qüdrətini göstərir”, – deyən İsmayıl Hacıyev bildirib ki, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın düşmənlə üz-üzə, ən ucqar yaşayış məntəqəsində belə, həyat öz axarı ilə davam edir, məskunlaşma durmadan artır. Öz ordusuna, mərd, mətin və mübariz övladlarına güvənən sakinlər arxayın yaşayır, təsərrüfat işləri ilə məşğul olur, yurda bağlılıqlarını nümayiş etdirirlər. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Ələkbər Qasımovun müəllifliyi ilə 2008-ci ildə “Kanal-35” televiziyasında hazırlanan “Hərb tariximizdə Heydər Əliyev fenomeni” adlı videolent nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.