“Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının təqdimatı olub
Naxçıvan, 29 iyun, AZƏRTAC
İyunun 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviçin “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək deyib ki, yeni nəşrin müəllifi Rostislav Slaboşeviç 1949-cu il iyunun 25-də Minsk şəhərində anadan olub. 1966-cı ildə Xarkov Ali Tank Komandirləri Məktəbinə daxil olub, oranı bitirdikdən sonra 1975-ci ilə qədər Belarusda müxtəlif hərbi vəzifələrdə xidmət edib. 1979-cu ildə Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini təyin olunub və Gürcüstanın Duşeti şəhərində xidmət edib. 1983-cü ilin avqustunda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Qıvraq kəndində yerləşən hərbi hissədə alay komandirinin birinci müavini təyin edilib, 1984-cü ildə isə Gəncə şəhərində alay komandiri vəzifəsinə keçirilib, orada diviziya komandirinin müavini vəzifəsinədək yüksəlib. 1989-cu ildə yenidən Naxçıvana qayıdıb, buradakı 75-ci Motoatıcı Diviziyaya komandir təyin edilib və 1992-ci ilə qədər bu vəzifədə çalışıb.
Diqqətə çatdırılıb ki, Naxçıvanda olduğu illərdə o, alay komandiri, diviziya komandirinin müavini və diviziya komandiri vəzifələrində xidmət edib, əvvəlcə polkovnik-leytenant və polkovnik, daha sonra isə general-mayor rütbəsinə qədər yüksəlib. Naxçıvan Muxtar Respublikasında xidmət etdiyi zaman Slaboşeviç ictimai-siyasi fəaliyyəti ilə də seçilib, yerli əhalinin milli adət-ənənələrinə olan münasibətinə görə ictimaiyyət arasında böyük hörmət qazanıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə diviziyanın silahlarının, hərbi sursatının qorunub saxlanılması və Azərbaycan Ordusuna təhvil verilməsi üçün böyük səy göstərib. Eyni zamanda, diviziyanın şəxsi heyəti ilə Naxçıvan əhalisi arasında mehriban münasibətlərin, dostluq əlaqələrinin yaranmasına nail olub. Naxçıvanın müdafiəsində və Sədərək istiqamətində asayişin bərpa olunmasında göstərdiyi xidmətlər Rostislav Slaboşeviçin əhali arasında nüfuzunu xeyli artırıb.
Cəlil Rüstəmov Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası qarşısındakı xidmətlərinə görə Rostislav Slaboşeviçə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təşəkkürünü bildirib, anadan olmasının 70 illiyi və müəllifi olduğu “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının təqdimatı münasibətilə onu təbrik edib.
Bildirilib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətdə nəşr olunmuş “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabı ötən əsrin 90-cı illərində Naxçıvanın ağır sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlı proseslərə həmin dövrün mühüm vəzifəli şəxsinin gözü ilə baxmağa imkan verir. Kitabda müəllifin şəxsən iştirak etdiyi əhəmiyyətli ictimai və dövlət fəaliyyəti ilə bağlı faktlar toplanıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiəsi ilə bağlı gördüyü mühüm işlər generalın şahidi olduğu tarixi proseslər kimi oxucuya çatdırılır. Bununla yanaşı, Ulu Öndərin Naxçıvanda yerləşən sovet ordusunun şəxsi heyətinin yerli əhali ilə münasibətlərinin tənzimlənməsindəki xidmətləri, xüsusilə dağılmış sovet iqtisadiyyatı şəraitində qoşun hissələrinin təminatına xüsusi diqqət yetirdiyi önə çəkilir. Müəllif Ümummilli Liderin gərgin iş şəraitində olmasına baxmayaraq, həmin dövrdə Naxçıvanda rusdilli məktəbin fəaliyyətinin bərpa etməsini böyük minnətdarlıqla qeyd edir. Bu mənada Rostislav Slaboşeviçin kitabı 1989-1992-ci illərdə muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin öyrənilməsində yeni yanaşmanı ortaya qoyan mühüm tarixi sənəddir.
Vurğulanıb ki, kitabda Naxçıvan mətbəxinin zənginliyinə, Naxçıvan əhalisinin qonaqpərvərliyinə, Naxçıvanın təbiətinin gözəlliyinə həsr olunmuş ayrıca bölmələr də var. Müəllif kitabda həmin dövrlə bugünkü Naxçıvanı müqayisə edərək inkişafın heyrətamiz olduğunu, muxtar respublika rəhbərinin Naxçıvanın müdafiəsi və qorunması üçün böyük işlər gördüyünü, müasir ordu yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini böyük qürurla qeyd edir, kitabın nəşrini Naxçıvan və naxçıvanlılar qarşısında mənəvi borcun ifadəsi kimi dəyərləndirir. 1992-ci il avqustun 18-də 75-ci Motoatıcı Diviziyanın silah sursatının Naxçıvana təhvil verilməsi mərasimində ümummilli lider Heydər Əliyev deyib: “Biz belə hesab edirik ki, 75-ci Diviziyanın tərkibində xidmət etmiş hərbi qulluqçular öz vətənlərinə - Rusiyaya, Ukraynaya, Belarusa qayıtdıqdan sonra belə Naxçıvanla öz əlaqələrini kəsməyəcək, Azərbaycanla həmin dövlətlər arasında əlaqələrin yaradılmasında öz səylərini əsirgəməyəcəklər”. Bu gün Rostislav Slaboşeviçin yenidən Naxçıvanda olması, “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabını yazması onun ulu öndər Heydər Əliyevin tövsiyələrinə nə dərəcədə sadiq olduğunu bir daha təsdiq edir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Əlahiddə Ümumqoşun Ordunun komandiri, general-leytenant Kərəm Mustafayev, keçmiş hərbi qulluqçu Sahib Səfərov çıxış edərək bildiriblər ki, ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çətin sınaqlardan üzüağ çıxaraq bu gün özünün hərtərəfli inkişafını təmin edib. Məhz Ulu Öndərin əvəzolunmaz xidmətləri sayəsində muxtar respublikada ilk milli ordu hissələri yaradılıb, Naxçıvanın təhlükəsizliyi təmin edilib. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Sovet İttifaqı, sonra isə Rusiya Federasiyasına məxsus silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına verilib, ölkəmizin digər bölgələrindən fərqli olaraq burada heç bir dağıntı və talana yol verilməyib. Naxçıvanda yerləşən 75-ci Motoatıcı Diviziyanın zabit və əsgər heyəti, onların ailə üzvləri, başda diviziya komandiri general Rostislav Slaboşeviç olmaqla, 1992-ci ilin avqust ayının 18-də xüsusi təyyarə ilə yola salınıblar. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəvəti ilə general Rostislav Slaboşeviçin 70 illik yubileyində yenidən Naxçıvanda olması qədirbilən xalqımız üçün xüsusi xidmətləri olmuş insanların unudulmayacağının bariz nümunəsidir.
Çıxış edənlər general Slaboşeviçi 70 illik yubileyi və ərsəyə gətirdiyi “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabına görə təbrik ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviç “Əcəmi” Nəşriyyat-Poliqrafıya Birliyində “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının yüksək poliqrafik keyfiyyətdə nəşrinə və yüksəksəviyyəli təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib və imzaladığı kitabın bir nüsxəsini Heydər Əliyev Muzeyinin kitabxanasına hədiyyə edib.