Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar
Şuşa, 15 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya gecə saatlarında da yüksək əhvali-ruhiyyədə davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, iştirakçılar şüarlar səsləndirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Gün ərzində indiyədək aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 77 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 66 gündür davam edir.