MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyası ötənilki fəaliyyətini müzakirə edib
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda MDB PA-ya üzv ölkələrin parlamentariləri iştirak ediblər. Azərbaycanı tədbirdə parlamentin deputatı, komissiyanın üzvü Kamilə Əliyeva təmsil edib.
Tədbirdə gündəlikdə duran və yeni redaksiyada təqdim edilən “Elmi, elmi-texniki və innovativ fəaliyyətin dəstəklənməsinin hədəf fondları haqqında”, “Elmi və elmi-texniki fəaliyyət haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanun layihələri, həmçinin “Texnoloji çağırışlar – gələcəyin mühəndisləri” beynəlxalq təhsil layihəsi barədə müzakirələr aparılıb.
Toplantıda MDB ölkələrinin məktəbliləri üçün humanitar və sosial elmlər üzrə Beynəlxalq olimpiadanın keçirilməsi haqqında Əsasnamə layihəsinin müzakirəsi zamanı deputat Kamilə Əliyeva çıxış edərək qeyd və təkliflərini bildirib.
İclasda elm və təhsil sahəsində model qanun yaradıcılığı, süni intellektdən istifadənin tənzimlənməsi, MDB ölkələrində olimpiada və maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb, komissiyanın 2022-ci ildəki fəaliyyəti müzakirə edilib, həmçinin komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
Xəbərin mətnində orfoqrafik səhv var