MƏDƏNİYYƏT
Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş rəsm sərgisi açılıb
Bakı, 26 dekabr, AZƏRTAC
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Binəqədi rayon məktəblilərinin ədibin həyat və yaradıcılığını əks etdirən rəsm əsərləri ilə tanış olublar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin əsas məqsədi barədə məlumat verərək bildirib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutur.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında qeyd edib ki, Mir Cəlal Paşayev yetmiş illik ömrünün yarım əsrini elmi və pedaqoji, yaradıcılıq işinə həsr edib. Bu da onu ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biridir.
Mir Cəlal Paşayevin ədəbiyyat üçün doğulduğunu deyən Xalq rəssamı Arif Hüseynov onun insanda sağlam duyğular, xoş arzu-ümidlər oyadan, haqsızlığa, eybəcərlik və mənfiliyə qarşı mübarizəyə çağıran əsərlərinin ədəbiyyatla əbədiyyət arasında qurulmuş körpünün ən sağlam dayaqlarını təşkil etdiyini vurğulayıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov yazıçının yumoristik və satirik əsərlərindən söhbət açaraq, ədibin lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruhun əsas yer tutduğu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər ədəbin ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Bildirilib ki, mayasında halallıq, sevgi, paklıq, istedad olan Mir Cəlal Paşayev həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi ilə qəlblərdə əlçatmazlıq heykəli ucaldıb.
Sonda əl işləri nümayiş olunan məktəblilərə hədiyyələr təqdim olunub.
Nümayiş olunan rəsm əsərlərindən biri ədibin ev-muzeyinə təqdim edilib.