REGİONLAR
Naxçıvanda keçirilən “Gələcəyini planlaşdır” təlimlərinin ikinci mərhələsi yekunlaşıb
Naxçıvan, 4 may, AZƏRTAC
“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinin ikinci mərhələsi yekunlaşıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ikigünlük növbəti təlim muxtar respublikanın Babək rayonundan olan qadınların iştirakı ilə keçirilib. Təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova iştirakçılara pul vəsaitlərinin, mövsümi xərclərin idarə edilməsi, büdcə planlaşdırması, borc idarəetmə üsulları, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumat verib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Təlim başa çatdıqdan sonra sertifikatların təqdimatı olub. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 53 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub. İştirakçılardan Şəbnəm Əhmədova, Naibə Allahverdiyeva, Gülsüm Kəngərli, Aygün Cəfərova, Həcər Hümbətova və başqaları çıxış edərək təlimin əhəmiyyətini vurğulayıblar. Onlar muxtar respublikada qadınlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Qeyd edək ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqramı çərçivəsində həyata keçirilir. Növbəti təlim Kəngərli rayonundan olan qadınlar üçün nəzərdə tutulub.