MƏDƏNİYYƏT
VII Respublika Uşaq Rəsm Festivalı keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Xətai rayonunda 28 May – Müstəqillik Gününə həsr olunan Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb. Mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşarası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşları da qatılıb. Bu sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb.
Axşamadək davam edəcək festivalın sonunda sərgilərdə iştirak edən xarici vətəndaşlar sertifikatla, seçilən əsərlərin müəllifləri isə diplomla mükafatlandırılacaq.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Beynəlxalq Suluboya Cəmiyyəti, Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşıb.