İQTİSADİYYAT
Türkiyəli nazir: Nəqliyyat və ticarət sahələrində qlobal əməkdaşlığa hazırıq
Ankara, 24 may, AZƏRTAC
Türkiyə geosiyasi baxımdan dünyanın ən böyük nəqliyyat dəhlizlərinin tam mərkəzində yerləşir. Ölkəmiz qlobal ticarət əməliyyatlarında çatışmayan halqaların tamamlanması istiqamətində sıx əməkdaşlığa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 24-də Leypsiqdə keçirilən illik Beynəlxalq Nəqliyyat Forumunda (ITF) çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkib, ticarət və nəqliyyat sahəsində regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir Süveyş kanalında daşımaların dayandırılması fonunda 2021-ci ildə qlobal ticarətdə yaranmış altı günlük böhranı xatırladıb. “Həmin vaxt “The Ever Given” adlı konteyner gəmisi ticarətə 10 milyard dollar ziyan vurmuşdu. Bu hadisə, eləcə də Qırmızı dənizdə təhlükəsizlik problemləri alternativ ticarət yolunun zəruriliyini önə çəkdi”, - deyə Uraloğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə nəqliyyat sektorunda Gürcüstan və Azərbaycanla sıx əməkdaşlıq edir və bu, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə ticarət üçün geniş imkanlar açır.
Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri, həmçinin İraqın Bəsrə şəhərindən Türkiyə ilə sərhədə qədər 1200 kilometr uzunluğunda yükdaşıma marşrutunun yaradılması və daha sonra Avropaya çıxışı olan yeni nəqliyyat layihəsini xatırladıb.
Nazir qeyd edib ki, müasir Türkiyə daxili logistika və nəqliyyat infrastrukturunun, o cümlədən dəniz limanları və dəmir yollarının inkişafına arxalanır. “Biz 2053-cü ilə qədər yükdaşımaların ümumi həcmində dəmir yollarının payını hazırkı 5 faizdən 20 faizə çatdırmağı planlaşdırırıq”, - deyə Uraloğlu bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara