CƏMİYYƏT
Bahar Muradova: İllik məlumat Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırlanıb
![Bahar Muradova: İllik məlumat Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırlanıb](/files/2024/2/1200x630/17165377753973225721_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin mayın 24-də keçirilən iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.
Komitə sədri illik məlumatın 150 səhifədən ibarət olduğunu və məlumatların Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırlandığını diqqətə çatdırıb.
Bildirib ki, hesabat dövründə qadınların əməyi qadağan olunan peşə və iş yerləri azaldılıb. Qanunvericiliyə əsasən, cinsi ayrı‐seçkiliyin aradan qaldırılması məqsədilə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən edilib.