SİYASƏT
Elnur Allahverdiyev: Lüksemburq parlamentarisinin təxribatçı bəyanatının heç bir əsası yoxdur
Bakı, 24 may, AZƏRTAC
Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin İrəvanda Ermənistan parlamentində səsləndirdiyi təxribatçı bəyanatın heç bir əsası yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin mayın 24-də keçirilən iclasında deyib.
Deputat bildirib ki, Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli mahiyyəti ilə yanaşı, həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diktə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırkı durumuna ziddir. Klod Visler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu büruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib.
“Visler bilsin ki, müdafiə etdiyi şəxslərin 30 il öncə qətl etdikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır və on illərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk. Gözü yolda olan analar, bacılar yaxınlarını 30 ildən sonra adəti üzrə dəfn edirlər. Maraqlıdır, Klod Vislerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amansızlıqlar etmiş canilərə münasibəti necə olardı?”, - deyə Elnur Allahverdiyev vurğulayıb.
Onun sözlərinə görə, Lüksemburq parlamentində təmsil olunan Vislerin və onun kimilərin ədalətin nə olduğundan xəbərləri yoxdur.