CƏMİYYƏT


Plastik kütlə mikrohissəcikləri dəniz məhsulları vasitəsilə insan orqanizminə düşə bilər

Bakı, 22 may, AZƏRTAC

Təqribən 220 növ dəniz canlısının orqanizmləri plastik kütlə mikrohissəciklərini udur. Onların yarıdan çoxu insan tərəfindən qidada istifadə edilir. Buraya quşlar, tısbağalar və məməlilər aid edilmir. İri balıqların əti insan üçün təhlükəli deyil, çünki mikrohissəciklər balığın yalnız bağırsaqlarında qalır ki, bu da qidada istifadə olunmur. Əsas təhlükəni dəniz məhsulları təşkil edir. Çünki onların içalatı əvvəlcədən təmizlənmir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında bildirilir. Məruzənin müəllifləri plastik kütlənin beş millimetr və ondan aşağı diametrdə olan xırda hissəciklərinin ətraf mühitə və insan sağlamlığına təsirini tədqiq ediblər.

1950-ci ildən başlayaraq, plastik məhsulların istehsalı və istehlakı daim artır. 2015-ci ildə bu göstərici 350 milyon ton təşkil edib. Əsrin ortalarında bəşəriyyətin ildə 1 milyard ton plastik kütlə istehsal edəcəyi gözlənilir. Mikrohissəciklər butulka, stəkan, balıqçılıq torları kimi iri məhsulların parçalanması nəticəsində, həmçinin xırda elementlərdən ibarət müxtəlif materialların, məsələn, abraziv (cilalayıcı) tozunun istehsalı zamanı əmələ gəlir.

Toksinlər insan orqanizminə su, hava və dəniz orqanizmləri vasitəsilə düşür. Xüsusilə də bu, içalatı qabaqcadan təmizlənməyən dəniz məhsullarına aid edilir. Lakin iri balıq da təhlükə mənbəyi ola bilər, çünki plastik kütlənin nanohissəcikləri balığın bağırsağından hoparaq qan damarına düşə bilər.

Məruzə müəllifləri bəşəriyyəti birdəfəlik plastik qablaşdırmalardan istifadə etməməyə, onu dənizə atmamağa, balıqçılıq ləvazimatlarının plastik elementlərini daha ekoloji təmiz variantlarla əvəz etməyə, həmçinin inkişaf etməkdə olan ölkələrdə plastiklə çirkləndirmələrin monitorinqini təkmilləşdirməyə çağırıblar.

Azərbaycanda plastikdən düzəldilən məhsullardan istifadənin azaldılması istiqamətində işlər aparılır. “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.